Ötən ilin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində “2020-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov çıxış edərək ötən ilin nəticələrindən və qarşıda duran əsas vəzifələrdən danışıb.

Bildirib ki, muxtar respublikada qaz təchizatının etibarlılığının,səmərəliliyinin artırılması məqsədilə ardıcıl tədbirlər görülüb. Belə ki, muxtar respublika üzrə təbii qaz istehlakçılarının 1 yanvar 2021-ci il tarixə ümumi sayı 91192 olub. Bunun 88434-ü əhali, 2758-i isə qeyri-əhali abonentdir. Muxtar respublikanın şəhər və rayon ərazilərində ötən il daxil olan müraciətlərə əsasən cəmi 1691 ədəd mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb ki, bunun 1084-ü əhali abonent və 85-i qeyri-əhali abonentdir. O da vurğulanıb ki, muxtar respublikada yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi, təbii fəlakət, sel, daşqın zamanı zərərçəkmiş qaz xətlərinin yenidən qurulması işlərinin görülməsi ilə əlaqədar olaraq istifadə edilən müxtəlif diametrli polietilen və dəmir boruların uzunluğu cəmi 156555 p/m olubdur ki, bundan 11817 p/m polietilen boru, 34704 p/m yerdəyişmə,110034 p/m dəmir borudur. Həmçinin ötən il xidmətin smartkarttipli məişət qaz sayğaclarının “Servis” stansiyasında istismardan çıxarılan nasaz sayğaclar diaqnostik müayinə və kompüter vasitəsilə test edilərək ortaya çıxan nöqsanları aradan qaldırmaqla, 620 ədəd smartkarttipli elektron məişət qaz sayğacı plomblanaraq istismara yararlı vəziyyətə gətirilib. Bəhs olunan dövrdə muxtar respublikada əhali qrupdan olan abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün 626 ədəd mühafizə qutusu quraşdırılıb. Məruzə ətrafında çıxışlar dinlənilib.