Yarım ilin yekunları müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində keçirilən iclasda çıxış edən xidmətin rəisi Ramin İsmayılov qeyd edib ki, 2022-ci ilin 6 ayı ərzində də əhalinin və digər istehlakçıların fasiləsiz, təhlükəsiz təbii qazla təchizatının təmin olunmasına xüsusi diqqət yetirilmişdir.

Muxtar respublika üzrə təbii qaz istehlakçılarının 1 iyul 2022-ci il tarixə ümumi sayı 92907 olmuşdur ki, bunun 89971-i əhali, 2936-sı isə qeyri-əhali abonentdir. Muxtar respublikanın şəhər və rayon ərazilərində ilin 6 ayı ərzində daxil olan müraciətlərə əsasən cəmi 335 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 304-ü əhali, 31-i isə qeyri-əhali abonentdir. Cari ilin 6 ayında qaz təsərrüfatında istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi diqqət mərkəzində saxlanılmış, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülmüş, təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilmiş, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilmiş, təbii qaz istehlakçılarına əhali və qeyri-əhali qrupundan olan abonentlərə, müəssisə və təşkilatlara (özəlsektora) istehlak olunan təbii qazın dəyərinin ödənilməsi üzrə bildirişlərin, üzləşmə aktlarının və elektron vergi hesab-fakturalarının vaxtında verilməsi təşkil olunmuş, eyni zamanda qaz təsərrüfatında, xüsusilə qəza sahəsində çalışanlar peşəkarlıq səviyyələrinin artırılması məqsədilə ixtisas hazırlığına cəlb edilmişlər. Muxtar respublikada qaz təsərrüfatı şəbəkəsində qaz analizatorlar və dedektorlar vasitəsilə ilin 6 ayı ərzində 4164 ədəd sızma aşkarlanıb və sızmalar texniki istismar qaydalarına uyğun olaraq aradan qaldırılmışdır. Şəhər, rayon qaz istismar idarələrinin qəza dispetçer sahələrində istər əhali, istərsə də qeyri-əhali təbii qaz istehlakçıları tərəfindən qaz sızması, qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər bu kimi səbəblərə görə ilin 6 ayı ərzində 5644 ədəd çağırış daxil olmuşdur. Çağırışlara vaxtında gedilmiş, bütün işlər təlimata uyğun yerinə yetirilərək təhlükəsiz və fasiləsiz təbii qazın nəqli bərpa olunmuşdur. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilmiş, 1 iyul 2022-ci il tarixə cəmi 20978, o cümlədən ilin 6 ayı ərzində 268 qaz sayğacı quraşdırılmışdır. Sonda məruzə ətrafında çıxışlar dinlənilmişdir.