Ən çox verilən suallar

1. Qaz çəkilişi üçün hansı sənədlər təqdim olunur?

-Fərdi yaşayış evinin (mənzilin) qazlaşdırılması üçün evin (mənzilin) mülkiyyət sahibi və ya onun səlahiyyətli nümayəndəsi (bundan sonra - Sifarişçi) tərəfındən Naxçıvan MR Qaz İstismar Xidmətinin müvafiq rayon (şəhər) qaz istismar idarəsinə (bundan sonra - Qİİ) standart formada tərtib olunmuş ərizə ilə müraciət edilir.

Ərizədə fərdi yaşayış evinin (mənzilin) ünvanı, quraşdırılacaq qaz qurğularının tipi, markası, sayı göstərilir.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- sifarişçinin şəxsiyyət vəsiqəsinin surəti;

- qazlaşdırılacaq fərdi yaşayış evinin (mənzilin) mülkiyyət hüququnu təsdiq edən sənədin surəti (əsli göstərilməklə).

Əlavə edilən sənədlər tam və ya dəqiq olmadığı halda ərizə qəbul edilmir.

 2. Qaz təchizatı sxeminin tərtib edilməsinin formasi?

 Naxçıvan MR Qaz İstismar Xidmətinin Əsaslı təmir və tikinti şöbəsinin mütəxəssisləri tərəfindən qüvvədə olan norma və qaydaların tələblərinə əsasən qazlaşdırılmanın mümkünlüyünün araşdırılması və perspektiv nəzərə alınmaqla qaz təchizatı mənbəyinin müəyyən edilməsi məqsədilə qazlaşdırılacaq yaşayış evinə (mənzilə) baxış keçirilir.

 Baxış nəticəsində fərdi yaşayış evinin qazlaşdırılmasının “Qaz təchizatında  təhlükəsizlik Qaydaları”nın və Azərbaycan Respublikasının Tikinti Normalarının tələblərinə zidd olduğu aşkar edildiyi və ya yaxınlıqda etibarlı qaz təchizatı mənbəyi olmadığı halda sifarişçiyə əsaslandırılmış yazılı cavab verilir.

 Baxış nəticəsində quraşdırılacaq qaz qurğuları, onların saatlıq qaz sərfi göstərilməklə fərdi evin (mənzilin) qaz təchizatı sxemi tərtib edilir, müvafiq qaydada imzalanır və Qİİ-nin baş mühəndisi tərəfindən təsdiq olunur.

 Qaz təchizatı sxeminin tərtib edilməsi aşağıdakı əsas normativ - texniki sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir:

  - AzDTN 1.6-1. “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış  obyektlərin istismara qəbulu qaydaları”, fəsil 3 - Layihələndirmə mərhələsi;

 - AzDTN 2.13- 1 . “Qaz təchizatı”;

 - “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”;

 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.07.2004-cü il tarixli 101 saylı qərarı.

 3. Tikinti - quraşdırma işlərinin aparılma qaydası necə həyata keçirilir?

 Naxçıvan MR Qaz İstismar Xidmətinin Əsaslı təmir və tikinti şöbəsi tərəfindən qaz təchizatı sxemi əsasında sifarişçinin evinin (mənzilinin) qazlaşdırılma mərhələsi həyata keçirilir.

Əsaslı təmir və tikinti şöbəsi və yerli qaz istismar idarəsi tərəfindən tikinti - quraşdırma işləri aparılır, sayğac quraşdırılır və müvafiq qaydada texniki - icra sənədləri tərtib olunur.

Tikinti - quraşdırma işləri aşağıdakı əsas normativ - texniki sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir:

- AzD 1 N 1.6-1. “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları”, fəsil 4 - Tikinti mərhələsi, əlavə 1, 2, 3;

- AzDTN 2.13- 1 . “Qaz təchizatı”; 

- “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”.

 4. Təbii qazın alqı-satqısı müqaviləsi necə bağlanılır?

Əvvəlki mərhələlərdə tərtib edilmiş müvafiq sənədlər toplusu əsasında yerli qaz istismar idarəsi və Qaza nəzarət və satış şöbəsi tərəfindən AQİS proqramında müvafıq qaydada abonent kodunun açılması, sayğacın qeydiyyata alınması və “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında təbii qazın alqı - satqısı müqaviləsi" - nin bağlanılması həyata keçirilir.

Müqavilə imzalandıqdan sonra, “Yaşayış evlərinə (mənzillərə) ilkin qaz açılışı barədə Təlimat"- a və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”-na əsasən tələb olunan bütün şərtlər yerinə yetirilməklə qazın açılması təmin edilir.

Sifarişçiyə onun abunəçi kodu haqqında rəsmi məlumat verilir, texniki  təhlükəsizlik və istismar qaydalarına əsasən təlimatlandırma keçirilir, müvafiq kitabda qeydiyyat aparılaraq sənədləşdirilir.

 

Naxçıvan MR Qaz İstismar Xidmətinin Mətbuat 

və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi