Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti haqqında

1. Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti (bundan sonra - Xidmət) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 4 noyabr tarixli 411-05/S nömrəli Sərəncamına əsasən muxtar respublikada qaz təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Naxçıvanqaz” İstehsalat Birliyinin əsasında Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti yaradılmışdır.


2. Xidmət muxtar respublikaya idxal edilən təbii qazın qəbul edilməsi, nəqli, paylanması və satışı sahəsində (bundan sonra-müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

3. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

4. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

5. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştampa və blanka malikdir.

6. Xidmətin aparatının, qurumlarının saxlanması və maddi-texniki təminatı xərcləri təbii qazın satışından daxil olan vəsait və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

7. Xidmət Naxçıvan şəhərində yerləşir.

 

“Naxçıvanqaz” İstehsalat Birliyi (bundan sonra – Birlik) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 01 oktyabr tarixli 241-03/S nömrəli Sərəncamına əsasən yaradılmışdır.
Birlik Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin “Naxçıvan” filialının varisidir.
Birliyin tam adı: “Naxçıvanqaz” İstehsalat Birliyi
Birliyin qısadılmış adı: “Naxçıvanqaz” İB
Birliyin hüquqi ünvanı: Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, N.Tusi küçəsi 7.

Birliyin hüquqi statusu

Birlik qanunvericiliklə tələb olunan şəkildə qeydiyyatdan keçdikdən və Hüquqi şəxslərin dövlət reyestrinə daxil edildikdən sonra hüquqi şəxs statusunu alır.
Birlik qeyri-müyyən müddətə yaradılmışdır.
Birliyin fəaliyyəti Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları və Birliyin nizamnaməsi əsasında təmzimlənir.
Birlik maddi və qeyri-maddi əmlaka, hüquqlara, müstəqil balansa, banklarda hesablaşma hesabına, üzərində dövlət gerbi təsvir edilmiş və tam adı olan möhürə malikdir.