Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən və 2016-cı il 29 aprel tarixli 180 nömrəli qərarı ilə dəyişiklik edilən “Qazdan istifadə Qaydaları”nda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs;

istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;

qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları);

məişət qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları);

sənaye qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları);

qazpaylayıcı şəbəkə - qazın istehlakçılara paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı) kompleksi;

balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi;

buraxılış-sazlama işləri - qaz qurğusunun işə buraxılmasına hazırlığı, işə buraxılmasını və qaz qurğusunun işlək gücünün qurğu sahibi ilə razılaşdırılmış səviyyəyə çatdırılmasını nəzərdə tutan kompleks işlər;

rejim-sazlama işləri - qaz qurğularının faydalı iş əmsallarının işçi diapazonunda layihə (pasport) göstəricilərinə uyğunluğuna nail olunması və yanacağın yandırılma proseslərinin avtomatik tənzimlənmə vasitələrinin sazlanmasını nəzərdə tutan kompleks işlər;

tikinti obyektləri - tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular;

texniki şərtlər - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd.

 

Naxçıvan MR Qaz İstismar Xidmətinin Mətbuat 

və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi