Naxçıvan Muxtar Respublikasında təbii qazdan istifadə

edən bütün qrupdan olan istehlakçıların 

N Ə Z Ə R İ N Ə

Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə

təhlükəsindən necə mühafizə olunmalı

Qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən  çox vaxt insan itkisi ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələr baş verir. Bu onu göstərir ki, sakinlər hələ də təbii qazdan, ümumiyyətlə bütövlükdə qaz təsərrüfatından istifadə edərkən təhlükəsizlik qaydalarına tam əməl etmirlər. Onlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz cihazlarından istifadə edir, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması kimi hallara yol verirlər. Bütün bunları nəzərə alaraq qaz cihazları, qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini  bir daha istehlakçıların - müəssisə, təşkilat rəhbərlərinin və əhalinin nəzərinə çatdıraraq aşağıdakı qaydalara  əməl olunmasını  vacib hesab edirik.

Qaz təsərrüfatı: təhlükəsizlik qaydalarına nədən başlamalı?

Qaz təsərrüfatının   mövcud olduğu   sahələrdə yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi arzuolunmaz hallardan   mühafizə olmaq üçün mülkiyyət formasından asılı olmayaraq hər bir təşkilatın, həmçinin hər bir vətəndaşın bir sıra qaydalara   əməl etməsi zəruridir.

Qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarına tikinti və quraşdırma işlərindən başlamaq lazımdır. Təhlükəsizliyi təmin etmək üçün yaşayış binalarında yanğın təhlükəsizliyi ilə bağlı bütün qaydaların tələblərinə riayət olunmalıdır. 

  Qazdan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl edin!

- İstənilən satış mərkəzindən əldə edilən məişət cihazının müvafiq sənədləri ilə, o cümlədən texniki pasportu, uyğunluq sertifikatı və s. ilə tanış olmalı, onlardan istifadə qaydasını satışı həyata keçirən mağazanın nümayəndəsindən öyrənmək lazımdır.

- Qaz cihazlarının istər obyektdə, istərsə də evdə quraşdırılması mütləq qaydada bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

-Təyinatından asılı olmayaraq obyektlərdə və yaşayış sahələrində standarta uyğun olmayan qaz cihazlarından istifadə etmək olmaz.

- Quraşdırılan hər bir məişət qaz qızdırıcısı tələb olunan standartlara  cavab verməli, onların təhlükəsizlik qurğuları daima saz vəziyyətdə olmalı və istifadəsi zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir.

- Müəyyən məqsədlər üçün qaz cihazlarından qurğu və aqreqatların, hissələrin çıxarılmasına yol vermək olmaz.

Mənzilə daxil olarkən...

Mənzildə adam olmayanda içəri daxil olarkən dərhal işığı yandırmayın,  elektrik cihazlarını işə salmayın, açıq oddan,  siqaretdən istifadə etməyin. Otağın havasını dəyişin. Qaz iyi olub-olmamasını dəqiqləşdirin, qaz iyi hiss edilərsə, qapı və pəncərəni açıb mənzilin havasını dəyişməyi unutmayın və qəza xidmətinə (104 nömrəli telefona) xəbər verin.

  Qaz cihazlarını, sobanı  yandırmazdan əvvəl...

-Nəzarət kranlarının və sobanın işçi kranlarının bağlı olduğunu yoxlayın;

-Əvvəlcə nəzarət kranını açın;

-Yanan kibriti odluğa yaxınlaşdırın, sonra isə ehmalca işçi kranı açıb məşəli lazımınız olan qədər tənzimləyin. Yanma prosesi düzgün gedirsə, məşəl mavi və parlaq olur.

- Məşəlin rəngi sarı və qırmızıya çalırsa,  deməli, yanma prosesi düzgün getmir, odluq təmizlənməli və tənzimlənməlidir.

- Sobanın qril qutusunda qazı yandırarkən daha ehtiyatlı olmaq lazımdır. Qutunun qapağını açıb 1-2 dəqiqə havasını dəyişmək lazımdır. Yanan kibriti odluğa yaxınlaşdırıb kranı sonra açmaq lazımdır.

  Hər bir vətəndaş bilməlidir ki...

- Hər birimizin  və ətrafdakı adamların təhlükəsizliyi qaz cihazlarından isifadə qaydalarına riayət edilməsindən çox asılıdır;

- Cihazların normal işləməsi üçün onların təmiz və saz halda saxlanması vacib şərtdir; 

- Əlinizdə yanılı kibrit çöpü olmadan odluğun kranını açmayın.

  Qazdan istifadə edərkən aşağıdakıları

 bilməyiniz və əməl etməyiniz vacibdir

- Standartlara uyğun olmayan qaz cihazlarından, sobalarından  istifadə etmək olmaz;

- Qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara  baxış keçirilməli, bütün sobaların tüstü bacaları təmizlənməlidir;

- Qaz sobaları və cihazlar işə salınarkən odluğun qapağı açılmalı, 5-10 dəqiqə hava dəyişdirilməlidir;

- Qaz cihazlarını yanılı halda qoyub yatmaq, uşaqların, xəstələrin ümidinə qoyub evdən çıxmaq qorxuludur;

- Yanmaqda olan odluqların üstünə maye dağılması  təhlükəlidir;

- Qaz cihazına qazın verilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır;

- Qaz cihazları olan otaqlarda tezalışan məhsulların yerləşdirilməsi və saxlanılması təhlükəlidir;

- Qaz kəmərlərindən və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq oddan istifadə etmək qəti qadağandır. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir;

- Tüstü bacası çəkmədikdə qazla işləyən suqızdırıcını işə salmaq olmaz;

- Qaz cihazlarından istifadə edərkən pəncərənin nəfəsliyi açıq olmalı, mənzili tərk edərkən qaz cihazları  mütləq söndürülməlidir;

- Yanan qaz cihazlarını  nəzarətsiz qoymaq, sobaların həddindən artıq qızmasına yol vermək olmaz.

  Mətbəxdə qazla ehtiyatlı olun!

- Məişət qaz sobalarının üzərinə qazanı, çaydanı, çayniki elə doldurub qoymaq lazımdır ki, su qaynayanda daşmasın. Qaynayan su daşıb odluğu söndürə bilər, mətbəxə qaz sızması baş verər və bu da partlayışla nəticələnər; 

- Mətbəxin havası daima dəyişdirilməlidir. Ventilyasiyanın olmaması mətbəxə dəm qazı yığılmasına səbəb olur ki, bu da zəhərlənmə halları ilə nəticələnir. Ventilyasiya elə qurulmalıdır ki, qaz yanan mətbəxin havası 1 saatda azı 3 dəfə dəyişmiş olsun;

- Yanan qaz sobasını hətta qısa müddətə belə nəzarətsiz qoymayın. Bu, gecə saatlarında daha qorxuludur. Qaz sönə bilər və otağa dolan qaz partlayış, yanğın və boğulmaya səbəb olar.    

     Su qızdırıcıları: yanğın, partlayış və zəhərlənmə

 halları baş verməməsi üçün nə etməli?

- Su qızdırıcıları işə salmazdan qabaq tüstü bacasının tüstünü çəkib-çəkmədiyi yoxlanılmalıdır. Bunun üçün yanan kibriti su qızdırıcının üst qapağına yaxınlaşdırmaq kifayətdir;

- Məşəl içəri sovrulursa normal, məşəl şaquli vəziyyətdə qalırsa və ya əks tərəfə üfürülürsə, tüstü bacasının işi qeyri-normal sayılır. Düz axımlı su qızdırıcılarını işə salarkən qızdırıcının şamını yandırmaq lazımdır; 

- Vanna otağında nəfəslik, təbii işıq mənbəyi, ventilyasiya kanalı olmalıdır. Qapı bayır tərəfə açılmalı və qapının aşağısında hava daxil olması üçün dəliklər olmalıdır.

Unutmaq olmaz ki, qapının aşağı hissəsində dəliklər olmazsa, yanma məhsulları otağa yığılar. Bu halda dəm qazından (CO) zəhərlənmə halları baş verər;

- Vanna otaqlarında qızdırıcının növündən asılı olmayaraq, ventilyasiya kanalı, tüstü ötürücüsü kanalı  işlək vəziyyətdə olmalıdır. 

  Qaz iyi hiss etdikdə təcili olaraq

- Qaz iyi hiss etdikdə açıq oddan istifadə etmək, siqaret çəkmək olmaz;

- Otağın havasını dəyişmək;

- Bütün qaz kranlarını bağlamaq;

- Qaz İdarəsinin Qəza Xidmətinin (104 nömrəli) telefonuna zəng vurmaqla, qəza briqadalarını çağırmaq lazımdır.

  Yadda saxlayın!

Mətbəxdə, mənzildə, vanna otağında, pilləkən qəfəsində, zirzəmi, yarımzirzəmilərdə qaz iyi və ya sizə tanış olmayan iy hiss edirsinizsə, qarlı havada qarın üzərində sarımtıl boz ləkələr, yağışlı havalarda gölməçələrdə, su qabarcıqları nəzərinizə çarpırsa, bu qaz sızmasına işarədir. Bu halda hava dəyişdirmək üçün yelçəkənlər yaradılmalı, açıq oddan istifadə edilməməli, elektrik şəbəkəsini qoşub və cihazları oradan ayırmamalı, Fövqəladə Hallar Nazirliyinin «112» xidmətinə, qaz idarələrinin qəza xidmətinə (104 nömrəli telefona) xəbər verilməlidir.

 Qazdan istifadə zamanı təhlükəsizlik qaydalarının

pozulması zəhərlənmə ilə nəticələnə bilər

Qazdan istifadə olunan yerlərdə havanın daimi hərəkəti olmadıqda yığılan dəm qazının xaric olması çətinləşir, bu isə zəhərlənmə və boğulma kimi təhlükəli hallar yaradır.

Dəm qazının məişətdəki əsas mənbələri nasaz, standarta uyğun olmayan qaz cihazlarıdır, işlək vəziyyətdə olmayan tüstü bacalarıdır.

Zəhərlənmə halları baş veribsə...

Qazın yanma məhsullarından zəhərlənmə və boğulma halları baş verdikdə ilk tibbi yardım göstərməyi hamı bacarmalıdır. Yadda saxlamaq lazımdır ki, qazın yanma məhsullarından zəhərlənmə və ya qazdan boğulma hallarında başgicəllənmə, ürək bulanması, qusma, dodaqların göyərməsi, huşun itirilməsi müşahidə olunur.

Zəhərlənmə zamanı:

- Zərərçəkən təmiz havaya çıxarılmalı, yaxası açılmalı, nəfəsalmanı çətinləşdirən bütün amillərdən azad edilməlidir;

- Dərhal təcili yardımdan həkim çağırılmalıdır;

- Zərərçəkənə naşatır spirti iylədilməli, tünd çay və ya qəhvə içirdilməlidir.

- Zərərçəkənin yuxulamasına imkan verilməməli, ayaqlarını isidib, bədəni yüngülcə sürtülməlidir.

Süni nəfəsi həyat əlaməti kəsildikdə və ya son anda vermək lazımdır. Süni nəfəsi ancaq yaxşı hazırlıqlı adamlar verə bilər.

Od almış adamı quru parçaya və ya geyim əşyasına bükməklə söndürmək lazımdır.

Müəssisə və təşkilatlarda, xüsusən də təhsil ocaqlarında, səhiyyə müəssisələrində, uşaq evlərində qaz cihazlarından  istifadə edilməsi üçün mütləq məsul şəxslər ayrılmalı və onlar təlimatlandırılmalıdırlar. 

Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli, ona   hər bir vətəndaş ciddi əməl etməlidir. Unutmamalıyıq ki,  bu qaydalara əməl etməməklə biz zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özümüzü, ailə üzvlərimizi, ətrafdakı insanları bədbəxt hadisələrə düçar edirik.

Bir daha əhalini, idarə, müəssisə, təşkilat rəhbərlərini - bütün təbii qaz istehlakçılarını qazdan istifadə edərkən təhlükəsizlik qaydalarının bütün tələblərinə ciddi riayət etməyə çağırırıq.

 

Naxçıvan MR Qaz İstismar Xidmətinin Mətbuat 

və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

 

  

Naxçıvan Muxtar Respublikası

Qaz İstismar Xidməti 

XƏBƏRDARLIQ EDİR!

QADAĞANDIR!

-Qaz cihazları quraşdırılmış otaqların təmiri zamanı texniki normaların pozulmasına səbəb ola bilən işlərin aparılması.

-Qİİ-nin razılığı olmadan qaz cihazlarının yerinin dəyişdirilməsi və ya əlavə qaz cihazlarının quraşdırılması.

-Uşaqların və qazdan istifadə etməyi bacarmayan şəxslərin istifadə etmələri.

-Paltarların qaz plitəsinin alovunda qurudulması.

-Tüstü bacası çəkməyən qaz cihazlarından istifadə edilməsi.

-Qeyri-standart cihazlardan, borulardan və rezin birləşmələrdən istifadə edilməsi.

-Qaz cihazlarının nəzarətsiz halda yanılı vəziyyətdə qoyulması.

-Qaz iyi hiss etdikdə elektrik avadanlıqlarının şəbəkəyə qoşulması və şəbəkədən çıxarılması, açıq alovdan istifadə edilməsi.

 

Qaz iyi hiss etdikdə, təcili 104 №-li

Qəza xidmətinə məlumat verin!!!

 

104

 

              

7/24  SAAT

 

Naxçıvan Muxtar Respublikası

Qaz İstismar Xidməti 

Qaz cihazlarından təhlükəsiz istifadə qaydaları

-Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq arxayın olun ki, qaz sızması yoxdur və otağın havasını dəyişin.

-Kibrit yandırmazdan əvvəl, qaz cihazlarındakı vintillərin vəziyyətini yoxlayın – onlar bağlı olmalıdır.

-Su qızdırıcısının, divar, radiator və ya istilik sobasının tüstü bacasının tüstünü necə çəkməsini yoxlayın.

-Qaz cihazlarından təhlükəsiz istifadə qaydalarına ciddi riayət etməklə istifadə edin, cihazları təmiz və saz vəziyyətdə saxlayın.

-Qaz iyi hiss etdikdə, təcili olaraq 104 №-li telefonla yaşadığınız ərazi üzrə qaz istismar idarəsinə məlumat verin.

-Qaz cihazlarından təhlükəsiz istifadə qaydalarına ciddi riayət edin, bununla Siz özünüzün və ailənizin təhlükəsizliyini təmin etmiş olarsınız.