Culfa rayonunun Yaycı sərhəd zastavasına bayram sovqatı aparılmışdır

 

2020-ci ilin dekabr ayının 28 də  Naxçıvan Muxtar Respublikası Qaz-İstismar Xidmətinin rəisi Ramin İsmayılov Culfa rayonunun Yaycı sərhəd zastavasının əsgərləri ilə görüşdə danışıb.

 

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sərhəd zastavasına bayram sovqatı aparıldığı görüşdə  xidmətin rəisi vurğulayıb ki, 2020-ci il tariximizdə qələbə ili kimi daim xatırlanacaq. 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyətli addımları, eyni zamanda rəşadətli ordumuzun gücü ilə geri qaytarıldı. Şanlı qələbəmiz xalqımızın birliyinin, həmrəyliyinin və birgə mübarizənin sayəsində əldə olunub. 44 gün davam edən Vətən Müharibəsində Naxçıvan igidləri qəhrəmanlıq və şücaət göstəriblər. Bu illər ərzində Naxçıvanın müdafiə potensialı xeyli möhkəmləndirilib, güclü ordu və nizam-intizamlı şəxsi heyət formalaşdırılıb. Muxtar Respublikada mövcud olan xalq-ordu birliyi nümunə səviyyəsinə yüksəlib.

Ramin İsmayılov qazanılan böyük zəfər və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə şəxsi heyəti təbrik edib, xidmətlərində uğurlar arzulayıb.

Zastavanın zabiti Tural Xudaverdiyev gətirilən sovqata və göstərilən diqqətə görə hərbi hissənin şəxsi heyəti adından minnətdarlıq edib.

Sonra gətirilən sovqat hərbi hissəyə təhvil verilib.