Ötən ay 49 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin fasiləsiz və təhlükəsiz təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür.

Muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən may ayı ərzində 49 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 48-i əhali,1-i isə qeyri-əhali abonentlərdir. Qaz təsərrüfatında, xüsusilə qəza sahəsində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılaraq mayın 4-də Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə qazpaylayıcıstansiyaların operator peşəsi”nin ixtisasartırma kursuna 20 müdavim cəlb olunmuşdur. Muxtar respublikada əhali qrupundan olan abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün cari ilin may ayında 60 mühafizə qutusu quraşdırılmışdır. Hesabat dövründə Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismarı idarələrinin qəza-dispetçersahələrinə 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaz tənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 862 çağırış daxil olmuşdur. Çağırışlara vaxtında gedilmiş, təbii qazın nəqli bərpa olunmuşdur. May ayında muxtar respublika qaz şəbəkəsində 716 qaz sızması aşkarlanmış, texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq bu sızmalar aradan qaldırılmış, ay ərzində yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar olaraq müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur. Muxtar respublikada yerli qaz istismarı idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işləri aparılmışdır.

                                             Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti