Əhalinin mavi yanacaqla fasiləsiz təminatı diqqət mərkəzindədir

 

   Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda xidmətin rəisi Ramin İsmayılov bildirib ki, mövsümlə əlaqədar muxtar respublikada təbii qaz təchizatının etibarlılığını və səmərəliliyini artırmaq, qaz istehlakçılarını fasiləsiz və təhlükəsiz təbii qazla təmin etmək məqsədilə Qaz İstismar Xidmətində müvafiq Tədbirlər Planı hazırlanaraq həyata keçirilir.
    Qeyd olunub ki, muxtar respublika üzrə təbii qaz istehlakçılarının 1 sentyabr 2022-ci il tarixə ümumi sayı 92027 olub ki, bunun 89027-si əhali abonenti, 3000-i isə qeyri-əhali abonentidir. Cari ilin 8 ayı ərzində 432 ədəd mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb ki, bunun 391-i əhali abonenti, 41-i isə qeyri-əhali abonentidir. 


    Payız-qış mövsümündə təbii qaza olan tələbatın artması ilə əlaqədar qaz nəqli sisteminin daha artıq yüklənməsi və gərgin işləməsi nəzərə alınaraq magistral qaz kəmərləri üzərində quraşdırılan və istismarda olan qazpaylayıcı stansiyalarda sutka ərzində qaz nəqlinin texnoloji rejimi və qaz sərfi nəzarətdə saxlanılır. Bununla yanaşı, qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə təşkil edilir, qurğuların daxili və xarici müayinəsi aparılır, avadanlıqlar təmizlənir, cihazların göstəriciləri və müayinələrinin nəticələrinin qeydiyyatı mütəmadi aparılır. Təbii qazın mexaniki qarışıqlardan təmizlənməsi üçün tətbiq olunan qaztəmizləyici seperator və süzgəclərə, texnologiyaya uyğun qurulmuş bağlayıcı avadanlıqlara, təzyiq tənzimləyicilərinə, qaz sərfinin hesablanması və alqı-satqısı işlərinin reallaşdırılması üçün qaz sərfini ölçən cihazlara və bütün texnoloji avadanlıqlara texniki xidmət göstərilib, sıradan çıxmış detal və hissələr yenisi ilə əvəz olunub.
    Diqqətə çatdırılıb ki, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun texnoloji rejimdə həyata keçirilməsi təmin olunub, qazpaylayıcı stansiyalarda qış aylarında texnoloji avadanlıqların və nəzarət-ölçü cihazlarının aşağı temperaturda donmasının qarşısını almaq məqsədilə qaz qızdırıcı qurğulara xüsusi texniki xidmət göstərilib. Yeraltı yüksək və orta təzyiqli magistral qaz kəmərləri üzərində istismar olunan elektrokimyəvi mühafizə qurğularına nəzarət edilib, kəmər boyu potensiallar fərqi nəzarətdə saxlanılıb, ardıcıl olaraq anod yataqları yoxlanılıb və katod stansiyalarında qidalandırıcı transformatorlara xidmət göstərilməsi işləri qrafikə uyğun davam etdirilib. Həmçinin qazpaylayıcı stansiyalarda, qazpaylayıcı məntəqələrdə qaz nəqli proseslərinin kənardan idarə edilməsi və operativ nəzarəti üzrə informasiya-ölçü qeydiyyat sisteminin fəaliyyəti günün tələbləri səviyyəsində qurulub. 
    Vurğulanıb ki, cari ilin 8 ayında əhali qrupundan olan abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün 309 ədəd  mühafizə qutusu quraşdırılıb. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər davam etdirilib, 1 sentyabr 2022-ci il tarixə 21207, o cümlədən cari ilin 8 ayı ərzində 497 ədəd qaz sayğacı quraşdırılıb. 
    Xidmətin rəisi bildirib ki, hazırda muxtar respublika ərazisində bir ünvana birdən artıq quraşdırılmış əlavə qaz sayğacları sökülməklə yanaşı, payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq olunmuş iş planına uyğun olaraq təbii qaza artan tələbatı nəzərə almaqla yeni texnoloji rejimin hazırlanması, soyuq hava şəraitində işçilərin normal fəaliyyət göstərməsi üçün müvafiq geyim və avadanlıqların alınması, nəqliyyat sahəsindəki texnika və avadanlıqların mövsümə qədər tam saz vəziyyətə gətirilməsi, muxtar respublikada mövcud qaz şəbəkəsinə texniki baxışın keçirilməsi və aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməkdədir.
    Sonra çıxışlar dinlənilib